Azərbaycan teatrında
Tofiq Kazımov fenomeni
TOFİQ
KAZIMOVun Azərbaycan milli sənət düşüncəsində
qorunan irsi onu milli teatr sənətinin
bənzərsiz fenomeni kimi qavramağa və bu baxımdan fərqli
yaradıcı metodunu tədqiq etməyə əsas verir. Azərbaycan
milli teatrşünaslığının bu aspektə bir
növ “laqeyd” yanaşmasını anlamaq mümkündür:
şərti olaraq 140 il hesablanan milli teatr tariximizdə
TOFİQ KAZIMOV kimi fenomen sayıla biləcək faktlar, demək
olar ki, çox az sayda qeydə alınıb. “Tamaşanın
müəllifi” yaradıcı iddiasında olan TOFİQ
KAZIMOV m ü ə l l i f l i
k anlayışının
ehtiva etdiyi bütün məqamları “rejissor sənəti”nə
gətirən ilk sənətkarımızdır, desək, məsələnin
ciddiliyini açıq-aydın görə bilərik. Təbii
ki, Azərbaycan teatr sənətində yaradıcılıqla
məşğul olan digər, sözün əsl mənasında
böyük rejissorlar teatr sənətinin mövcud olan
imkanlarından və fərdi istedadlarından qaynaqlanan şərtlərlə
bədii səhnə əsərləri yaratmağa müəssər
olublar. Lakin bu rejissorların yaradıcılığına
konseptual mövqedən yanaşanda, aydın olur ki, onlar
şüurlu tərzdə “mediator” – ötürücü
funksiyasını öz bədii-estetik görüşləri
zəminində yerinə yetiriblər. Sxematik təsvir etsək,
ənənəvi rejissuranın konseptual modelini
dramaturgiya-teatr-tamaşaçı şəklində göstərə
bilərik. Bu modelin başlıca şərti tamaşanın ədəbi
əsası olan dramaturji əsərin – pyesin dominant roludur.
Rejissor
Tofiq Kazımov mövcud olan “teatr qanunları”nı ilk
tamaşalarından yaradıcı həmlələrilə
öncə “təftiş”, getdikcə isə şüurlu surətdə
inkar etməyə başladı. Bu gün,
yaşadığımız zaman nöqtəsindən “Tofiq
Kazımov dövrü”nə nəzər salanda, bu
inqilabçı sənətkarın yaradıcı
konsepsiyası açıq-aydın görünür və bu
günkü elmi-nəzəri üsullarla kifayət qədər
səlis tədqiq edilə bilir. Aydın məsələdir
ki, yaradıcılığa başlayarkən, Tofiq Kazımov
günlərimizdə olan zəngin nəzəri konsepsiyalara
malik deyildi. İndi kateqorial şəkildə açıqlaya
bildiyimiz mənaları o, hər yeni tamaşası ilə kəşf
edir, onlara səhnə biçimi, səhnə forması
verirdi.
Zaman isə
öz “işi”ni görürdü: Tofiq Kazımovun yaradıcılığı
özü-özlüyündə milli teatr prosesinin
mühüm mərhələsini təşkil edərək,
milli rejissuranın inkişaf səmtlərini müəyyənləşdirirdi.
Gec də olsa, elmi-nəzəri düşüncəmiz öz
funksiyasını yerinə yetirərək, “T.Kazımov
fenomeni”ni anlamağa cəhd etdi, onun haqqında ciddi məqalələr
və monoqrafiyalar yazıldı...
“Tofiq
Kazımov” rejissor fenomeni, bizcə, ilk növbədə zaman
anlayışına üzvi şəkildə
bağlıdır. Bu bağlılığı “düstur”
şəklində açıqlamaq üçün
aşağıdakı zaman təsnifatından istifadə etmək
olar:
– virtual
ZAMAN
– fərdi-psixoloji
ZAMAN
– bədii-estetik
ZAMAN
– səhnə
məkanının ZAMANI
–
qavrayış ZAMANI
– eydetik
ZAMAN
Milli-etnik
sənət düşüncəsinin nümayəndəsi
olan sənətkar öz yaradıcılığında mənsub
olduğu mədəniyyətin bədii-estetik
formalarını ümumbəşəri, virtual Zamanın
enerjisi ilə canlandıranda, yaratdığı əsər
eyni dərəcədə ümumbəşəri və milli
dəyər qazanır. Başqa sözlə, virtual Zamana həssas
olan sənətkar marginal (sərhəddə bərqərar
olan) və milli mədəniyyətlə bəşəri mədəniyyətin
arasında ötürücü funksiyasını yerinə
yetirir.
Tofiq
Kazımovun rejissor irsinə bu baxımdan nəzər salanda,
görürük ki, onun milli dramaturgiya əsasında
hazırladığı tamaşalar, əslində, başqa mədəniyyətlər
üçün rahat “oxunan” informativ mesajdır. Və əksinə,
yabançı dramaturji əsərlər əsasında
qurduğu tamaşalar milli mədəniyyətə yeni “bilgi”lər
ötürməyə qadir olan səhnənamələrdir.
Tofiq
Kazımovun bir sənətkar kimi fərdi-psixoloji
Zamanının parametrləri və keyfiyyəti onun mənşəyi,
tərbiyəsi, təhsili və fərdi, məhrəm tərcihlərilə
müəyyənləşdirilir. Belə ki, zatən xalis
aydınlar, ziyalılar zümrəsinə mənsub olan Tofiq
Kazımovun fərdi-psixoloji Zamanına Azərbaycan
ziyalılığının bütün səciyyələri
ilə yanaşı, ümumbəşəri dəyərlərin
də təsiri çox böyük olub. Haşiyə
çıxaraq, burada vurğulamalıyıq ki, məhz bu
keyfiyyət sosialist realizmi təliminin və təcrübəsinin
sərt çərçivələrinə
sığmırdı və rejissoru hər zaman rejimlə
konfliktlərə düçar edirdi. Burada məşhur
“Prokrust yatağı” Tofiq Kazımovun vəziyyətinə
bariz illüstrasiya ola bilər. Yunan mifologiyasından bildiyimiz
kimi, Prokrust adlı zalım hökmdar elə bir yataq düzəltdirmişdi
ki, üzərinə zorla uzatdığı insanların ya
ayaqları, ya da başları yerləşmirdi. Qəddar
Prokrust məsələni özünəməxsus “sadəlik”lə
həll edirmiş: yatağa yerləşməyən bədən
üzvünü kəsdirib, həmin adamı ya şikəst
edirdi, ya da ki, öldürürdü. Sosialist realizminin
“Prokrust yatağı”nda yaradıcılıqla məşğul
olmağa məhkum edilmiş Tofiq Kazımov fərdi-psixoloji
Zamanının təbəddülatlarını olduğu kimi
səhnədə gerçəkləşdirməkdən
ötrü min bir “fənd”ə əl atmağa və ya Ezop
dili ilə danışmağa məcbur olurdu. Bəzən bu məcburi
“fənd”lər səhnədən demək istədiklərini
həddindən artıq mürəkkəbləşdirirdi. Və
sosialist realizminin üzdəniraq təəssübkeşləri
bundan yapışaraq, səbəbin məğzinə varmadan nəticəni
qamçılamağa qalxırdılar.
Tofiq
Kazımovun fərdi-psixoloji Zamanının
formalaşmasına mükəmməl təhsili və
ömrünün sonunacan qoruyub-saxladığı, dünyaya
bəslədiyi m a r a q güclü təsir göstərmişdi.
Əslində, onun malik olduğu fərdi-psixoloji Zaman Qərb-Şərq
sosial-psixoloji özəlliklərini özündə birləşdirən
kosmopolit – Dünya Vətəndaşının fərdi-psixoloji
Zamanı idi. Bu baxımdan belə bir qənaətə gəlmək
olur: əgər o, əksər azərbaycanlılar kimi
doğma məmləkətinə bu qədər
qırılmaz tellərlə bağlı olmasaydı, qürbətdə,
deyək ki, Moskvada... Parisdə... İstanbulda, lap elə
Kopenhagendə rahatca yaşayıb, uğurlu yaradıcı fəaliyyətlə
məşğul olacaqdı.
İstənilən
sənətkarın təxəyyülünün və bədii-estetik
Zamanının formalaşmasından ötrü mühüm
olan amillərin sırasında iki şərt daha vacib
sayılır. Birinci şərt fitri estetik zövqdür. Bu
keyfiyyət fitri olduğuna görə, onu kiməsə
aşılamaq mümkün deyil. Estetik zövqü yalnız
inkişaf etdirmək olar. İkinci şərt isə “bədiilik”
başlanğıcını bir anlayışlar sistemi kimi
konseptual şəkildə əxz etmək və bədiiliyin
bütün kateqoriyalarını ifadəli və təsirli səhnə
obrazlarında canlandırmaqdır.
Görkəmli
rus mədəniyyətşünası M.M.Baxtinin elmi
dövriyyəyə buraxdığı “xronotop” (zaman-məkan
vəhdəti) anlayışı Tofiq Kazımovdan ötrü
lap əvvəldən canlı məzmunla “dolu” idi.
Heç
şübhəsiz ki, Tofiq Kazımovun
yaradıcılığı fenomen kimi qəbul edilərək,
sözügedən əməliyyata, yəni milli teatr prosesinin
bir qolu kimi təhlil olunmağa layiq “obyekt”dir.
İstənilən
prosesin gözəçarpan səciyyələrindən biri
onun stadiyanallığıdır. Sözügedən səciyyə
həm prosesin gedişatını müəyyənləşdirən təməli kateqoriyadır, həm
də onu bir obyekt kimi təhlil etməkdən ötrü səmərəli
dövriyyələşdirmə üsuludur. Tofiq Kazımova Azərbaycan
milli teatr prosesinin bir qolu kimi yanaşanda, bu prosesin
stadiyalarını, mərhələlərini müəyyənləşdirmək
səmərəli əməliyyat olmalıdır.
Bir proses
kimi Tofiq Kazımovun yaradıcılığı enerji tutumu və
mənəvi-psixoloji gərginliyi ilə fərqlənir. Müəyyən
mənada onun keyfiyyətini bədii-estetik kollaps, enerji partlayışı
adlandırmaq olar. Fizikadan bildiyimiz kimi, kollaps enerjinin son dərəcə
sıx olduğu anda baş verir. Və bu partlayışın
nəticəsində yeni dünyalar, yeni aləmlər
yaranır. Metafiziki araşdırma üsulundan imtina edərək,
deməliyik ki, Tofiq Kazımovun yaradıcı enerjisinin
“partlayış”ları nəticəsində Azərbaycan milli
teatr prosesində yeni mənalar, yeni baxış bucaqları, yeni üslublar
yarandı.
İstənilən
prosesin digər önəmli keyfiyyəti onun daim hərəkətə
olan intensiyasıdır, yəni hərəkətə meyilli
olmasıdır. Bu baxımdan Tofiq Kazımovun
rejissurasının stadiyanallığının kəskin
intensiyası daha dəqiq anlaşılır. Konkret insanı
proses kimi təhlil etmək nə qədər çətin
olsa da, onun rejissurasını mərhələlərə
bölmək qaçılmazdır. Bizcə, Tofiq Kazımov
rejissurasının mərhələlərini
aşağıdakı təsnifatda göstərmək
mümkündür:
– latent
(gizli, qapalı) mərhələ;
–
aktuallaşdırma (dərk etmə) mərhələsi;
–
kondensasiya (toplama) mərhələsi;
–
gerçəkləşdirmə mərhələsi;
– məhsuldar
böhran mərhələsi.
lll
Bu gün
T.Kazımovun Zamanı bitgin, iki tarixlə – doğum tarixi və
ölüm tarixi ilə məhdudlaşdırılmış əbədi
zamanın bir kəsiyidir. Sözügedən zaman kəsiyi
öz növbəsində iki tarixlə məhdudlaşdırılır:
T.Kazımovun ilk tamaşasını hazırladığı
tarix və sənətkarın sonuncu tamaşasını bəlirdən
tarix. Gerçəklikdə bu zaman kəsiklərini bir-birindən
ayırmaq mümkün deyil, çünki onlar vahid insan
bioqrafiyasının iç-içə olan olaylarıdır.
Lakin ilk tamaşa ilə sonuncu tamaşanın arasındakı
zaman kəsiyi bizə T.Kazımovun
yaradıcılığına bütövlükdə bitgin,
tamamlanmış bir sənət əsəri kimi yanaşmaq
imkanı verir.
Zaman
içində bitgin bir əsər kimi yer tutan T.Kazımovun
yaradıcı irsi, təbii ki, dəyişməz, sabit bir hal
və hadisə kimi artıq heç bir təsirə, dəyişikliklərə,
müdaxilələrə məruz qala bilməyəcək. Dəyişə
bilən yalnız bizim münasibətimizdir. Fərqlənə
biləcək yalnız bizim yanaşma prinsiplərimizdir.
Mübahisə doğura biləcək yalnız bizim təhlil
və dəyərləndirmə üsullarımızdır.
İndiki zamanımızın bizə verdiyi təhlil
imkanları, sözsüz ki, mütləq deyil. Humanitar elmlərin
sürətli inkişafı yeni təhlil aspektlərini,
üsullarını, vasitələrini açacaq. Heç
şübhəsiz ki, bizdən sonra gələn yeni tədqiqatçılar
nəsli T.Kazımovun yaradıcı irsində bu gün bizdən
ötrü qapalı olan tam yeni məzmun və məna
qatlarını aşkarlayacaq və gələcək zamanda
T.Kazımovun Zamanı başqa bir rakursdan görünəcək.
Biz əminik ki, bu böyük sənətkarın irsi hələ
bir çox aspektdən tədqiq olunacaq. Bu qənaətimizə
arxalanaraq, “T.Kazımov Zamanı”nın bu gün bizdən
ötrü maraqlı və vacib məqamlarına toxunmağa
çalışdıq.
Məryəm Əlizadə
525-ci qəzet.- 2013.-15 iyun.- S.17.